Mehriban Əliyevanın reaksiyasında iki əsas xətt görünür - Rəy

14:29 16.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Əvvəla, qeyd etmək lazımdır ki, Emin Hüseynov təsadüfi şəxs deyil. O, uzun illərdir Azərbaycana qarşı tənqidi mövqeyi ilə tanınan və müəyyən dairələr tərəfindən istifadə olunan, "siyasi fəal jurnalist" kimi təqdim edilən şəxslərdən biridir. Onun bir vaxtlar xarici diplomatik nümayəndəlikdə gizlənməsi faktı isə Azərbaycan ictimaiyyətində geniş müzakirə olunmuş və ciddi rezonans doğurmuşdu. Bu kontekstdə xanım Mehriban Əliyevanın verdiyi cavab yalnız fərdi münasibətin ifadəsi deyil, həm də həmin keçmiş hadisələrə işarə idi.”

Bu fikirləri Hafta.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Ekspert vurğulayıb ki, Mehriban Əliyevanın reaksiyası diqqətlə təhlil edildikdə, burada iki əsas xətt görünür:

"Birincisi, informasiya müharibəsi və imic məsələsidir. Azərbaycanın beynəlxalq arenada təqdimatı məsələsində bəzi xarici platformalarda və media qurumlarında formalaşdırılan stereotiplər fonunda belə bir sualın verilməsi təsadüfi deyil. Bu baxımdan, birinci xanımın qısa, lakin sərt cavabı həmin narrativlərə cavab kimi də qiymətləndirilə bilər. Digər tərəfdən, mesajın ünvanı yalnız sual verən şəxs deyil. Belə beynəlxalq tədbirlərdə səslənən hər fikir və verilən hər reaksiya daha geniş auditoriyaya hesablanır".

B.Quliyev vurğulayıb ki, Mehriban Əliyeva öz cavabı ilə göstərdi ki, Azərbaycan tərəfi ittiham xarakterli, siyasi motivli yanaşmalara qarşı susmaq niyyətində deyil və bu cür ritorikaya cavab vermək iqtidarındadır:

“Emin Hüseynov bu cavabı gözləyirdimi? Böyük ehtimalla, o, diqqət cəlb etmək və informasiya gündəmi formalaşdırmaq məqsədi güdürdü. Lakin aldığı cavab sualın çərçivəsini dəyişərək müzakirəni fərqli müstəviyə keçirdi. Artıq söhbət yalnız "Azərbaycanda demokratiya" mövzusundan yox, həm də şəxsi reputasiya, siyasi mövqe və keçmiş fəaliyyətlərdən gedir. Bu dialoq göstərir ki, müasir dövrdə informasiya məkanı yalnız faktların deyil, həm də simvolların, jestlərin və qısa mesajların üzərində qurulur. Münxendə baş verən epizod məhz belə bir simvolik hadisə kimi yadda qaldı. Hesab edirəm ki, bu hadisəni təkcə emosional reaksiya kimi qiymətləndirmək düzgün olmazdı. Bu həm də siyasi kommunikasiya, reputasiya mübarizəsi və beynəlxalq auditoriyaya ünvanlanan mesajların bir nümunəsidir”, – deyə baş redaktor əlavə edib.

Tahirə Qafarlı